İlkin Atayurdu bəlirləyən boya-yön anlamlı sözlər – Prof. F. Ağasıoğlu  

0

İlkin Atayurdu bəlirləyən boya-yön anlamlı sözlər

Prof. F. Ağasıoğlu

Qədim çağlardan ta günümüzə qədər insanın duyğusuna təsir edib pozitiv və neqativ ovqat yarada bilən boyalar özəl elektromagnit dalğalara malikdir. Boyaların insan psixikasına təsirilə yaranan duyğu, depressiya, rahatlıq kimi emosiyalar mifoloji baxışda, etnoqrafik yaşamda əks olunur və bu durum müxtəlif xalqlarda oxşar və fərqli özəlliklərlə özünü göstərir. Örnəyin, türklərdə mənfi emosiya yaradan qara boya rus mifologiyasında da bədbəxtliyi, acını, açıqlı qüvvələri bildirir.[1] Hətta, azər və rus dilində bəzi deyimlər kalka çevrisi kimi görünür: qaralamaq (çyernit), qəlbiqara (çyernaya duşa), qaragün (çyernıy den) və s. Türk dillərinin müxtəlif çağ­­larında qara sözünə bir sıra anlam yük­lən­mişdir, indi bu söz ilkin boya an­­lamı ilə yanaşı böyük, azman, quzey, yer (torpaq, yol), yön, bəd, yas, qorxu kimi onlarla anlam daşıyan deyim­lərdə işlənə bilir.

Boya bildirən sözlərdə mifoloji görüşlə, inancla bağlı yaranan an­lamlar müxtəlif xalqlarda oxşar olduğu kimi, fərqli də ola bilir, Örnəyin, Ağ boya Afrika mifologiyasında qutlu sayılır, kahinlərin geyimi ağ olur, ağ boya toplumda barış ovqatı bildirir, barışıq üçün tanrıya sunulan qur­banlıq ağ añ (heyvan) olur. Qara boya isə yağmurlu fəsillə ilgili sayılır və tanrıya yağış yağdırması üçün qara añ qurbanı verilir. Qırmızı boya azər türklərində olduğu kimi, özgürlük davasının simgəsi sayılır. Xristianlıq­da­ isə əvvəllər al qırmızı azmanlıq, qan tökmə simgəsi idi. Abbasi xəlifələri qara geyimə üstünlük verir, orduları qara bayraq daşıyırdılar. Türklərdə yaşıl boya Xızırın simgəsi, yeni yaşamın başlanğıcı, qırmızı boya azadlıq simgəsi sayılır. Ötəki dünyada yaşam üçün basırığa qırmızı boya (oxra) tökərdilər. Mifoloji görüşlə, inancla bağlı boya bildirən sözlərdə yaranan çoxlu an­lamlarla yanaşı, bir də onların cəhət bildirən anlamları da vardır.

Akademik A.N. Kononov yazır ki, türk xalqları dünyanın cəhətlə­rini bil­dirmək üçün iki üsuldan isti­fa­də etmişlər: biri solyar sistem, digəri bo­ya (rəng) sistemi.[2] Bu gerçək yoruma bunu da əlavə etmək gərəkir ki, yön bildirən irəli-arxa, sağ-sol sözlərinə cəhət (doğu-batı, quney-quzey) bildirən anlam doğuya miqrasiya etmiş türklərin dilində yüklənmişdir. Bu qədim miqrasiyaya qatılmayıb, Atayurdda qalan batı prototürklərin dilində isə belə semantik gəlişmə baş verməmişdir.

Türk kosmogoniyasında üç vertikal, dörd horizontal məkan böl­güsü vardır: aşağı, orta, yuxarıön, arxa, sağ, sol. Öncə dörd cəhəti təyin edə bilən prototürklərdən sonra bəzi türk boyları səkkiz yönlü bölgüdən də istifadə etmişlər: quzey-doğu, quzey-batı, güney-doğu, güney-batı. Belə bölgü azər türkcəsində olduğu kimi, müxtəlif deyimlərlə uyğur, tatar və saxa dillərində də vardır.[3] Dünyanın horizontal baxımdan 4 və 8 cəhətə bölün­məsi türk etno­su­­­nun çox böyük ərazilərə yayılmasıyla və «dünyanın dörd tərəfinə hökm etmə» gə­lə­nəyilə də ba­ğ­lı yarana bilərdi. Üçqatlı ver­­tikal bölgüsə kainatın yeraltı, yerüstü və göyə bölünməsi alqısı ilə ortaya çıxmışdır. Sumerlər dörd cə­həti qonşu bölgə və ölkəl­ərin yerləşdiyi yönə uyğun de­yimlərlə verirdi. Bunu sumer dilindəki bu mətndə aydın görmək olur: «O günlərdə Sumerlə eyni dildə danı­şan və Xamazi bölgəsi ilə Şubur dağı – böyük törənlərin böyük dağı, vacib şey­lərə ma­lik Uri ölkəsi, təhlü­kəsiz durumda olan Amurru ölkəsi – bütöv ca­han və tabe xalq bir dildə En­lilə alqış deyirdi».[4]  Göründüyü kimi, su­mer­­lər dünyanın dörd cəhətini qonşu ölkələrin coğrafi durumu ilə bildirmişlər: Sumer (özək) – güney, Uri ölkəsi – quzey, Amurru – batı və Xamazi bəlgəsilə Şubur dağı – doğu.

Boya (rəng) bildirən sözlərdə cəhət an­la­mı hər bir etnosun yaşadığı ilkin bölgədə Günəşin doğub-batmasıyla ilgili solyar baxışla yaranmışdır. Bu baxımdan, ayrı-ayrı bölgələrdə, müxtəlif xalqların dilində boya bildirən sözlərin fərqli cəhət anlamı vardır. Örnəyin, V.Terner Amerikada qızıl­dərili çeroki boyunun rənglərdə cəhət anlamının belə alqıladığını yazır: ağ – güney, qara – batı, qırmızı – doğu, göy – quzey.[5]

Azərbaycan türklərində «qara quzey», «ağ yel» (batı küləyi) de­yimləri türk dillərində boya bildirən sözlərin semantikasını tədqiq edən tanınmış türkoloqlardan A. fon Qaben və A.N. Kononovun yorumlarını təsdig edir, belə ki, bu alimlər azacıq fərqlə (sarı = batı // özək) türk boya-cəhət siste­mini belə verirlər:[6]

qızıl  = güney            ağ   = batı         

qara  = quzey            göy = doğu

Göründüyü kimi, türklər ha­ra­da olmasın­dan asılı olma­ya­raq, dayan­dığı ye­rə sarı, quzeyə qara, güneyə qırmızı (qızıl), ba­tı­ya , doğuya isə göy bo­ya­­nın sim­volu ki­mi ba­xmışlar. Hələ m.ö. II əsrdə Çin ta­rix­çisi Sıma Tsyan hun-çin savaşında Metenin (Bahadırın) süvari alaylarının düzümü haq­qında yazır ki, batıda atlılar, doğuda mavi (boz) atlılar, quzeydə qa­­ra atlılar, güneydə isə qızılı (kürən) atlılar sıralanmışdı. Göytürk yazılarında da yön bil­dirən irəli, bəri, geri, yuxarı söz­lə­ri uy­­ğun olaraq, cəhət bildirən doğu (gündoğan), batı (gün­­ba­tan), güney (gü­­norta), quzey (gecəortası) sözləri ilə qoşa işlənir. Bunu Kültigin abi­də­sindəki mətn­də aydın görmək olur: «Doqquz-Oğuz bəyləri, xalqı! Bu sözümü yaxşı eşit, qatı dinlə: İrəli – gündo­ğa­na, bəri – günortaya, geri – günba­ta­na, yuxarı – gecəortasına qə­dərki xalqların hamısı mənə itaət edir».[7]

 

Türk dillərində boyaların cəhət anlamı çox qədim çağlarda yaranıb, çünki bu, ümumtürk faktoru kimi əksər türk dillərində özünü göstərir. Bu durumu sxemlə verib, bo­yala­rın «dilində» görünən ­sistemə aid yorumlara keçmək olar:

Boyaların cəhət bildirən anlamları ilə ortaya çıxam bu sis­temi xəritə üzərin­də axtarmaq istə­sək, ən münasib üsul kimi göl və dənizlərə verilən adlara baxmaq lazım gələcək. Bü­töv Avra­siya məkanında isə belə bir yer yalnız İkiça­ya­rasının quzeyindən ətrafdakı dəniz adlarına baxanda görünə bilir:

Xəritədən də göründüyü kimi, güneydə iki Qırmızı dəniz vardır, bu dənizlərdən biri bugün də həmin adla bəllidir, Dəclə-Fərat çaylarının tö­kül­düyü ikinci dəniz isə qədim qaynaqlarda

Qırmızı dəniz adlanırdı.[8]  Quzeydə Qa­ra-dəniz, batıda dəniz adları kimi, doğuda da Göycə-dəniz (Xəzər) adı yuxarıda verilən sxemə uyğun gəlir.  Belə ki, Xəzər dənizinin 70-dən artıq adı olmasına baxmayaraq, xalq arasında «Göy Xəzər» deyi­mi işlənir. Görkəmli tədqi­qatçı B.Ögəl «Dədə Qorqud» kitabında adı keçən Gökçə dənizin Xəzər olduğunu yazır.[9] Gü­ney rusların folklo­ru da Xəzər də­nizinin adını Göy-dəniz kimi ve­rir. Doğuda Göycə gölü kimi, keçmişdə Urmu gölünün adı da Göy-göl idi.[10]

 

 

Bu da maraqlıdır ki, Yapon yazarı Fuyumi Ono paralel dünyadan bəhs edən «Oniki krallıq» (dzyu:ni kokuki) adlı fantastik silsilə romanında dəniz adlarını yuxarıdakı türk boya sistemi ilə vermişdir. Bu roman üzrə cizgi filmi də çəkilmişdir. Romana aid xəritə-sxemin ortasında Sarı-dəniz yazılsa da, əsərdə bu otra bölgə (özək) dörd dənizlə əhatə olunmuş quru dağlıq bölgə kimi təsvir olunur: [11]

Türk dillərində boyaların verdiyi informasi­ya­ya görə, prototür­klərin ilkin yurdu Ön Asiyada Anadolunun güney-doğu bölgələri və Azərbay­can olmuşdur. İlk əkin­­çilik mər­kəzi olan və ilk araba-təkərin də ortaya çıxdığı bu bölgədə arxeoloji bəlgələr gös­tə­rir ki, daş dövrünün sonun­dan tunc dövrü­nün sonunacan burada maddi-mə­dəni izi görünən xalq dəyiş­mə­miş, yalnız m.ö. IV minillikdə bura­dan doğu ölkələrə böyük miqra­si­ya­lar başlamışd­ır və təsadüfi deyil ki, 12 minillik yaşı ilə dünya tari­xi­nin yeni səhifəsini açan Göbəklitəpə tapınaq məbədi də bu prototürk Ata­yur­dunun yaxınlığında, yazının ilk meydana gəldiyi çağ­larda adı yazlı qaynaqlara dü­şən subar boylarının yaşadığı ərazilərinin qonşuluğunda üzə çıxmışdır.

Boya bildirən sözlərdə cəhət anlamının yaranma səbəblərindən fərqli olaraq, istiqamət-yön bildirən sözlərdə cəhət anlamının yaranması daha çox coğrafi durumala (land­şaftla) bağlı olur. Y.İ. Ubryatova yazır ki, saxa dilində soğoru//soñoru (yuxarı) və xotu (aşağı) sözlə­rinin «quzey», «güney» anlamı Le­na çayı höv­zə­sində yer­ləşəndən sonra onların dilində yaranıb, çünki bu çay aşa­ğı­dan (güney­dən) üzüyu­xarı quzeyə axır.[12]

Yön bildirən sözlərin cəhət anlamında qədim miqrasiya istiqamətini düzgün yorumlayan F. La­tıpov yazır ki, hindavropa xalq­la­rının dilindəki güney sözünün «ön» an­lamı ilə bu xalqların güneyə miqra­si­yasını müəyən edirlərsə, eyni yöntəmlə türk boyla­rının da doğu sözündə «ön», arxa sö-zündə «batı» anlamı türklərin batı­dan doğuya miqrasi­yasını göstərir. İlkin türk Atayurdu proble­minə də aydın məntiqlə baxan, bu yur­dun  Güney-Doğu Anadolu ol­duğunu və türk­lərin bura­dan batı, doğu, quzey yön­lə­rə miq­ra­siyası ilə türk dil­ləri­nin üç bölümə ay­rıl­masını vurğulayan yazar bu köçlərin  m.ö. II mi­n­il­dən öncə baş verdiyini yazır.[13]

Yön və cəhət bildirən sözlərin yalnız tuva dilində monqol dillərinə uyğun gəldiyini vurğulayan A.N. Kononov çuvaş, saxa (yakut), tofalar dil­­lə­ri­nin isə türk sis­te­mini saxladığını və bu sistemin göytürk yazılarında da əks olun­du­ğunu qeyd edib, öñ (iləri, ilgərü) tərəfin «doğu», arxa (geri) tərəfin «batı», sağ tərəfin «güney», sol tərəfin «quzey» anlamı daşıdığını yazır.[14] Türkoloqlar sırasında avtoritet sayılan bu akademikin yorumu­na uyğun olaraq, türklərin batı­dan döğuya getməsini, miqrasyanın yönünü
belə sxemlə vermək olar:

Prototürklərin ilkin Atayur­du­nun Azər­bay­can və Güney-Doğu Ana­dolu olduğunu nəzərə alsaq, aydın olar ki, doğuya gedən türk boyları­nın doğu sözündə «ön», geri sözündə isə «batı» çaları onların batı­dan doğuya miq­rasiyasını göstə­rir. Doğuya yönəlik miqrasiyaların 5-6 minil öncə baş­la­nıb tunc çağının sonunacan davam etməsi arxeoloji bəlgələrdə də görü­nür. Ön Asi­ya­dan doğuya gedən boylar bu uzun yolu beş-on ilə de­yil, yüzil­­lər boyunca nəsilləri dəyişə-dəyişə get­mişlər, bu yöndə böyük kö­ç yaşa­mı­nı dadmış nə­sil­lərin dilində arxa-ön, sağ-sol sözlərinə əlavə anlam yüklənmiş və bu anlamlar yaddaş sax­lan­cına sız­ılıb, doğu türk boy­lar­ını dilində günü­müzəcən qalmışdır. Atayurdda qalan Azərbay­can türklərinin dilində isə doğu türk dillə­rindən fərqli olaraq, yön bildirən sözlərdə həmin cəhət anlamları yoxdur, çünki  böyük köçlərə quşulub doğuya getməyən, batıda qalan boyların dilində həmin əlavə anlamlar yarana bilməzdi.

Boya-cəhət və yön-cəhət sözləri aydın göstərir ki, türklərin doğudan batıya gəlməsi görüşünü irəli sürən «al­tayistlərin» yorumları tam yanlışdır, çünki türklərin ilkin migrasiyaları Güney-Doğu Anadolu və Azərbaycan­dan doğu­ya olmuşdur və çox sonralar bəzi türk boyları yenidən Atayurda qayıtmış­lar, Urmu teoriyasının baxışı belədir. «Altay dilləri ailəsi» baxışı üzərində qurulan Altay teoriyasının özəyini təşkil edən türk və monqol dilinin genetik qohumluğu tezisini yön bildirən sözlərdə fərqli cəhət an­lamları da təkzib edir:

Verilən müqayisədən göründüyü kimi, eyni yönü bildirən sözlərin türk və monqol dillə­rin­də fərqli cəhət anlamları var. Bu aydın göstərir ki, Urmu teoriyasının təsbit etdiyi kimi, ilkin yurdla bağlı olan bu bəlgə də türk və monqol etnoslarının qohum olmadığını bildirir. Monqol və türk etnosla­rının əla­qəsi genetik yox, sonrakı olaydır.[15] Yuxarıda verilən yorumları toparlayıb, türk mifologiyasında yer alan boya və yön bildirən sözlərin «cəhət» anlamına uyğun sistemi bu sxemləri ortaya çıxarır:

Göründüyü kimi, türklərin qədim köçləri Batıdan Doğuya olmuş­dur, ancaq bu gerçək durumu bəzi türkoloq, etnoloq və tarixçilər hələ də görə bilmir və ya görmək istəmirlər. İsbat olunmamış «Altay» teoriyasını (əslində fərziyəsini) aksioma sayıb, iki əsr boyunca kitabdan-kitaba daşı­yanlar və ya daşıtdıranlara görə, Altay dilləri dağılandan sonra türklər monqol soydaşlarından ayrılıb batı ölkələrə köçmüşlər və ilk köçlər də 2300 il öncə Hun çağından başlanmışdır. Halbuki, Urmi teoriyasına görə, Ulu (prototürk) türk dili 5-6 minil əvvəl dağılıb, öntürk dillərinə ayrıl­mış­dır, öntürk dillərinin daşıyıcılarından bir-iki qol 4-5 minil öncə dalğa-dalğa do­ğuya köçmüş və oralarda yeni (ikinci) Atayurdlar salmışlar. Sonrakı çağlarda isə 2700 il öncə saqa-qamər boylarının Ön Asiyaya qayıdışı ilə başlanan ilkin Atayurda geri dönmələr Səlcuqlu köclərilə sona çatmışdır.

Doğuya köçün çağını və yönünü arxeoloji bəlgələr göstərdiyi kimi, sonrakı çağlarda yazılı qaynaqlar da bu yöndə bilgi veriri. Doğuda Türk adının ortaya çıxması Güney Azərbaycandan gedən qədim turuk boyadı  və orada yaranan Su bəyliyinin adı Anadolu-Azərbaycanla bağlı idi. Bir sıra türkçülər kimi, türklərin ilkin yurdunu Altay-Monqolustan sayan Z.Göyalp da qəim köçün batıdan doğuya olduğunu dolayısı ilə etiraf edir və yazır ki, türklərin buradan doğuya köçməsi türk dastanlarından Çin qaynaqlarına sızan bilgilərdə əks olunmuşdur, türk (turuq) adını tukyu kimi verən Çin qaynaqları onların Azərbay­can­dan çıxdığını qeyd edir. Qaynağa görə, öncə Xəzərin (Batı dənizin) batı tərəfində, yəni Azər­baycanda yaşayan tukyular Su çarlı­ğın­dan çıxmış və Aşina soyu Xəzərin doğusunda Kao-Çanq ölkəsinə, sonra da buradan cücen­lər ölkəsinə keç­mişlər. [16]

«Azərbaycan qədimdən türklərin ölkəsidir» deyən İbn Hiçam kimi, Təbəri də qədim qaynaqlarda Azər­bay­canın türk ölkəsi (məmləkəti) kimi verildiyini vurğulayır və qeyd edir ki, Musa peyğəmbərin vaxtında İranın mifik hökmdarı Mənuçehrə tabe olan və müharibələrdə göstərdiyi igid­liyə görə Er-Ra’iş ləqəbini alan Yəmən hakimi Haris bin Ebu-Südad yürüşlə­rindən birini də Mosula yönəldir. Süvari bölüklərinə Şemir bin Attaf adlı birini başçı təyin edib, türk məmlə­kə­tinə göndərir:  «Şemir Azər­baycana sahib olan türklər üzərinə yürüdü, savaş ər­lə­rini öldü­rərək çoluq-çocuqla­rını əsir aldı. Sonra bu səfərdə olub-bitənləri iki daşın üzərinə yazdırdı ki, bunlar Azərbaycanda marufdur».[17]

Beləliklə, boya-cəhət və yön-cəhət sözlərinin verdiyi bilgi bir sıra qaynaq­larda yer alan bəlgələrlə üst-üstə düşür və aydın olur ki, Güney-Doğu Ana­do­lu və Azərbaycan­dan doğuya getmiş və çox sonralar bəzi türk boyları Atayurda qayıtmışdır.

 

Qaynaq və notlar.

[1] Afanasyev A.N. Derevo jizni.M. 1982, 48.

[2] Kononov A. N. Sbosobı i terminı opredeleniya stran sveta u tyurkskix narodov. «Tyur­kologiçeskiy sbornik», 1974, 73-74.

[3] Çagdurov S.Ş. Proisxojdeniye Geseriadı. Novosibirsk, 1980, 118-119; Ağasıoğlu F. Doqquz Bitik (II Bitik), 2014, 29.

[4] Xrestomatiya po Drevnego Vostoka. M. 1963, 270, 276 (15-ci qeyd).

[5] Terner V. Simvol i ritual. M. 1983, 96.

[6] Gabain A.von. Vom Sinn symbolischer Farbenzeichnung. «AO» t.15, №1-3. Budapest, 1962, 115; Kononov A. N. Semantika tsvetooboznaçeniy v tyurkskix yazıkax. «Tyur­kologi­çeskiy sbornik», M. 1978, 160.

[7] Qaynaq, bəlgə və boyalı sxemlər üçün bax: Orkun H. N. Eski türk yazıtları. Ankara, 1994, 23; .Ağasıoğlu F. II Bitik, 29-34.

[8] Hero­dot, IV. 39;  Strabon, XI. 13. 9; XI. 14.7.

[9] Ögel B. Türk kültür tarihine giriş. IV c. Ankara, 1984, 466; Yaqut Həməvi Xəzərin farsca «Göy dəniz» (Əfkud dəryav) ad­lan­dığını qeyd edir (Əliyeva N. Azərbaycan Yaqut əl-Həməvinin əsərlərində. Bakı, 1999, 145).

[10] Urmu gölünün adını Strabon λίμνη καποϋτα (kapauta) şəklində verir və «tünd göy»  (κυάνη) mənası olduğunu bildirir (Strabon, XI. 14. 8); Plini də bu gölü Capotes (Kapot) kimi qeyd edir (Os­no­vı iranskoqo yazıkoznaniya. M. 1979, 235)); Hay qaynaqları  bu adı «göy» (kaput) şəklində verir.

[11]  Fuyumi Ono xanım təsvir etdiyi boya-cəhət sistemi monqollarda olmasa da, yapon, kore və çin mifologiyasında vardır. Bu xalqların mifologiyasında, cəhətlər hətta ağac və añ türlərilə də bildirilir (Mifı narodov mira. I. 441).

[12]  Ubryatova E. İ. O yazıke dolqan. «Yazık i folklor narodov Sibirskoqo Severa». M.1966, 61.

[13]  Latıpov F. Elementı morfonoloqii etrusskoqo yazıka v svete pratyurkskoy qipo­­tezı. «Azərbaycan filologiyası məsələləri», III, 1991, 106-107.

[14]  Кононов A.N, 1974, 73-74.

[15] Jukovskaya N. L. Kateqorii i simvolika traditsionnoy kulturı monqolov. M. 1988, 157;  G.Dö­rfer, B.A.Serebrennikov, M.S. Şer­­bak, B. Ögel, F. Zey­nalov kimi  başqa tanınmış türkoloqlar da monqol-türk qohumluğunun sübut olunma­dığını söy­lə­miş­lər.

[16] Göyalp Z. Türk töresi. İstanbul, 1977, 100-101.

[17] Taberi. Milletler ve hükumdarlar tarihi. II, t. İstanbul, 1991, 540.

Yorum Yapın

Yorumlar

Bir Yorum Yapın

Lütfen yorumunuzu girin.
Lütfen adınızı buraya girin.